“Azərkosmos” yeni layihə həyata keçirəcək | VİDEO

“Azərkosmos” yeni layihə həyata keçirəcək  | VİDEO
  11 Aprel 2025    Oxunub:759
Kosmik Akademiya tərəfindən gələcəkdə mobil əsaslı, kosmik innovasiya və STEAM avtobusu layihəsinin həyata keçilməsi nəzərdə tutulur. Bu, regional layihədir. Layihə Türk Dövlətləri Təşkilatı üzrə nəzərdə tutulub.

AzVision.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Kosmik Agentliyi (“Azərkosmos”) nəzdində fəaliyyət göstərən Kosmik Akademiyanın kosmik icma layihələrinin rəhbəri Əli Tağıyev deyib.

“Bu mobil tədris və təcrübə platforması nəinki Azərbaycanda, bütün türk dövlətlərinə səfər edəcək, müxtəlif regionlara, məktəblərə gedəcək və hər kəsi kosmos elmi haqqında məlumatlandıracaq. Bu layihə ilə biz çalışırıq ki, türk dövlətləri arasında həm elmi, həm də mədəni əlaqələrin inkişafına öz töhfəmizi verək”, - deyə Əli Tağıyev bildirib.

Kosmik Akademiyanın nümayəndəsi bildirib ki, kosmik icma layihələrinin əsas məqsədi Azərbaycanda kosmik ekosistem ilə cəmiyyət arasında dayanıqlı əlaqələr, körpülər yaratmaqdır. “Bu istiqamətdə biz müxtəlif təşəbbüslər həyata keçiririk. Biz, həmçinin hazırda dünyada, kosmik sənayedə trendlərə nəzər salsaq görərik ki, kosmik sahədə həyata keçirilən ictimai layihələrə, sosialyönümlü layihələrə investisiyalar artmaqdadır. Kosmik Akademiya tərəfindən həyata keçirilən innovativ layihələr nəticəsində biz kosmos elmini, kosmik ekosistemi hər bir vətəndaş üçün əlçatan və maraqlı etmək istəyirik. Burada əsas məqsəd kosmik sahədə insan kapitalının inkişafına nail olmaqdır. Kosmik Akademiya tərəfindən müxtəlif layihələr həyata keçirilir. Bu layihələr çərçivəsində il ərzində 12 mindən çox vətəndaş bizim fəaliyyətlərimizdən faydalanır. Buna müxtəlif vətəndaş qrupları aiddir, eləcə də məktəbliləri, tələbələri, müəllimləri, professorları misal göstərə bilərik. Xarici icmalar arasında Türkiyə, İsrail və Braziliya Kosmik agentlikləri ilə əməkdaşlıq edirik. Çalışırıq ki, həmin şəxslərin sonradan məşğulluq, karyer imkanlarına dəstək göstərək. Məqsədimiz bu şəxslərin Azərbaycanda kosmik ekosistemin daim aktiv bir nümayəndəsinə çevrilmələrinə və ümumi ekosistemin inkişafına töhfələrini dəstəkləməkdir. Kosmik icmanın digər məqsədi – müxtəlif sahələrə kosmos elmini inteqrasiya etdirməkdir. Bura mədəniyyət, elm, incəsənət, qida sənayesi daxildir”, - deyə Əli Tağıyev əlavə edib.




Teqlər: Azərkosmos  





Xəbər lenti